Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar təmizlik və maarifləndirmə tədbiri keçirilib

11:37 22.04.2021
Aprelin 22-də Dövlət Turizm Agentliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə dəstəyi ilə Xəzər dənizinin Lənkəran rayonu ərazisindəki sahilində təmizlik və maarifləndirmə tədbiri keçirilib.
 
Beynəlxalq Yer Kürəsi Günü çərçivəsində həyata keçirilən tədbir Lənkəranın Nərimanabad qəsəbəsi, Aşağı Nüvədi və Sütəmurdov kəndlərini əhatə edib.
 
Tədbir zamanı ekologiyanın təbliği və ətraf mühitin qorunması barədə məlumatlılığı artırmaq məqsədilə seçilmiş ərazilərdə yeni zibil qutuları və maariflədirmə lövhələri yerləşdirilib.
 
Eyni zamanda Lənkəranda həyata keçirilmiş tədbir “Yer kürəsi günü”nün (earthday.org) rəsmi səhifəsindəki tədbirlərin siyahısında qeydiyyatdan keçirilib.
 
Müxtəlif dövlət və özəl təşkilatları təmsil edən gənc könüllülərdən ibarət şəxslər ekoloji aktivliyi təşviq etmək və bu turizm məkanlarının abadlaşdırılmasına dəstək vermək üçün tullantıların toplanmasında iştirak ediblər.
 
Təmizlik və maarifləndirmə tədbiri aprelin 23-də də davam edəcək və mütəmadi olaraq təşkil olunacaq.
 
Qeyd edək ki, tədbirin tərəfdaşları qismində Avropa İttifaqının maliyyə dəstəyi ilə cənub regionunda turizmin inkişafını dəstəkləyən “Khazar Palace Hotel”,  Avrasiya Əməkdaşlıq Fondu, "Turizm Könüllüləri" Təşkilatı və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi çıxış ediblər.