Milli Mətbuat Günü münasibətilə DTA tərəfindən media nümayəndələri üçün xüsusi tədbir təşkil olunub

15:42 20.07.2018
22 iyul Milli Mətbuat Günü münasibətilə 19 iyul tarixində Dövlət Turizm Agentliyi tərəfindən media nümayəndələri üçün xüsusi tədbir təşkil olunub.
 
Tədbir turistlər üçün nəzərdə tutulmuş «Baku City Tour»un avtobuslarında şəhər gəzintisi ilə başlayıb, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarətlə yekunlaşıb. Turun əsas məqsədi “Bakı xarici turistlərin gözü ilə” konsepsiyasının, Bakı şəhərinin mədəni irsi və turizm imkanlarının turistlər tərəfindən necə görülməsinin mətbuat nümayəndələri tərəfindən real olaraq yaşanmasını təşkil etmək olub.
 

Daha sonra turizm mütəxəsissləri və millət vəkillərinin iştirakı ilə turizm sahəsində ixtisaslaşmış 20 nəfər mətbuat nümayəndəsi təşəkkürnamə ilə təltif olunub, onlara xüsusi hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yeni turizm siyasətinin formalaşdırılacağı, yeni infrastruktur layihələrinin və yeni turizm məhsullarının reallaşdırılacağı, turist məmnunluğunu artırılması, bütövlükdə bu sahəyə daha innovativ və kreativ yanaşmanın həyata keçiriləcəyi haqqında məlumat verib.

Medianın turizm sahəsində məlumatlandırma və maarifləndirmə funksiyasının vacibliyini vurğulayan Fuad Nağıyev bu sahədə ixtisaslaşmış mətbuat nümayəndələrinə təşəkkür edib, onları daha sıx əməkdaşlığa dəvət edib. Agentlik sədri qeyd edib ki, yaxın gələcəkdə həm ölkə daxilində, həm ölkə xaricində media ilə müştərək layihələrin həyata keçirilməsi planlaşdırılır.