Bu gün Azərbaycanın yeni turizm brendinin marketinq kampaniyasının ən önəmli hissəsi kimi Londonda “World Travel Market-2018” sərgisində böyükmiqyaslı təqdimat həyata keçirilib.
Müxtəlif ölkələrdən dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, media nümayəndələrinin iştirak etdiyi təqdimat xüsusi maraqla qarşılanıb.
Təqdimatda Azərbayan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edərək yeni turizm brendi haqqında ətraflı məlumat verib. O bildirib ki, beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın məşhur destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi irsimizi dünya ilə bölüşmək əsas məqsədlər sırasındadır.
Təqdimatdan sonra Azərbaycanın turizm brendi və potensialı haqqında beynəlxalq media üçün mətbuat konfransı təşkil olunub. Azərbaycan Turizm Bürosunun nümayəndələri Azərbaycanın turizm potensialı, marketinq strategiyası və yeni turizm siyasəti barəsində sualları cavablandırıblar.
Yeni kampaniyanın məqsədi xarici turistləri Azərbaycana bir daha baxmağa dəvət etmək, bütün səyahətçilərə ölkəmizin özünəməxsusluğunu göstərmək və onlara unudulmaz xoş təəssüratlar bəxş etməkdir.
Azərbaycanın yeni turizm imicinin, ölkəmizin turistlər üçün cəlbedici məkanlardan biri olması faktının dünya ictimaiyyətinə çatdırılması üçün qeyd olunun təqdimat xüsusi önəm kəsb edir.
Turizmi ölkənin ikinci ən böyük inkişaf istiqamətinə çevirmək və 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayının iki dəfə artırılmasına nail olmaq kampaniyanın strateji hədəfləri sırasındadır.