Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında turizmin gələcək inkişaf istiqamətləri müzakirə olunub

16:48 11.06.2020
İyunun 11-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun onlayn videokonfransı təşkil olunub.
 
Tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə təmsil edib. O, çıxışında Azərbaycanda turizm sahəsində cari vəziyyət, yaranmış çətinliklər, marketinq strategiyasında dəyişikliklər, fəaliyyətin onlayn platformalar üzərindən davam etməsi  və dövlətin turizm sənayesinə dəstək proqramları haqqında məlumat verib.
 
Toplantıda təşkilatın baş katibi Maykl Kristides, BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri, Türkiyə, Ukrayna, Moldova, Gürcüstan, Albaniya, Rumıniya, Bolqarıstan, Serbiya, Rusiya və Yunanıstanın turizm nazirliklərinin təmsilçiləri iştirak ediblər. 
 
Konfransda iştirakçılar arasında COVID-19 pandemiyasının dünya turizminə təsirləri, ölkələrin qarşılaşdıqları çətinliklər və turizm sahəsinin dirçəldilməsi üçün görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
 
Müzakirələr çərçivəsində üzv dövlətlərin bir-biri ilə məlumatları operativ paylaşa biləcəkləri regional platforma yaradılması təklif olunub. QDİƏT üzvlərinin iqtisadiyyatında turizmin mühüm yer tutduğu nəzərə alınaraq hazırkı dövrdə regional və beynəlxalq əməkdaşlığın xüsusilə əhəmiyyət kəsb etdiyi vurğulanıb.