Qlobal media platforması olan “BuzzFeed” hər kəsi Azərbaycana 7 günlük səyahətə çağırıb

15:31 25.10.2019
“Azərbaycan öz zəngin təbii sərvətləri - bir çox xəstəliklər üçün məlhəm rolunu oynayan mineral suları və müalicəvi palçığı ilə regionun sağlamlıq mərkəzi kimi tanınır”.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “BuzzFeed”ə müsahibəsində qeyd edib.

Milyonlarla oxucu kütləsinə malik qlobal media platforması olan “BuzzFeed”də Azərbaycana 7 günlük səyahət çərçivəsində sağlamlıq və müalicə turizmi, istirahət imkanları tanıyan səfər barəsində məqalə paylaşılıb. 
Nyu-Yorkun qlobal media orqanının paylaşdığı məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik.

7 günlük səfərdə sağlamlıq və təbiət turizmini necə birləşdirmək olar: Azərbaycanın sağlamlıq turizmi üzrə əsas istirahət məkanları
 
Burada biz özəlliyini qoruyub saxlamaqla maraqlı təcrübələr təklif edən, Xəzər dənizinin sahilində yerləşən kiçik dağlıq ölkə Azərbaycana 7 günlük səyahətdə sağlamlıq, müalicə, təbiət və istirahət turizmini necə birləşdirə biləcəyimizdən danışacayıq.
 
Sağlamlıq və müalicə turizminin təbiətlə vəhdətdə təqdim olunması getdikcə artmaqdadır. Nəyə görə də yox?
Bəlkə də həkimin tövsiyə etdiyi əsas amil sağlamlıq və müalicə turizmi, təbiəti və görməli yerləri ilə özəlliyini qoruyub saxlayan, bununla belə səyahətçilərinə yüksək keyfiyyətli xidmətlər təklif edən, Xəzər dənizinin sahilində yerləşən kiçik dağlıq ölkə Azərbaycana səyahətdir.
 
Asiya və Avropanın kəsişməsində Rusiya və Türkiyə arasında yerləşən Azərbaycan  qədim ticarət marşrutu olan İpək Yolunun əsas mərkəzlərindən olub.
 
“Azərbaycan öz zəngin təbii sərvətləri - bir çox xəstəliklər üçün məlhəm rolunu oynayan mineral suları və müalicəvi palçığı ilə regionun sağlamlıq mərkəzi kimi tanınır” – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edir.
7 günlük səyahətdə sağlamlığını düşünən səyahətçilər üçün yenilənmək və təəccüblənmək üçün tövsiyələrimiz bunlardır:
 
Birinci gün
Bakıya çatma. Qitələrarası ticarət yolunun üzərində yerləşən Azərbaycanda həm qədimilikdən, həm də müasirliklər zövq almaq mümkündür. Möhtəşəm göydələnləri və müasir görünüşü ilə tanınan paytaxt Bakı, həmçinin zəngin mədəni və təbiət mənzərələrinin müşaiyəti ilə uzunmüddətli tarixə malik sanatoriya və sağlamlıq mərkəzlərinə getmək üçün dəhliz rolunu oynayır.
 
“Bilgah Beach Hotel” şəhərdən 30 dəqiqəlik məsafədə yerləşir. Dəniz görüntülü lüks otaqları və kotecləri ilə, hovuzları və əyləncə mərkəzləri, çimərliyi və yemək xidməti ilə hotelin sağlamlıq klubu və spa mərkəzi Türk hamamı, termal yataqlar, sauna və buxar otaqları, müxtəlif növ üz, bədən və Tay, Bali və ənənəvi Türk masajı prosedurları təklif edir.
 
İkinci gün
“See Breeze Resort” və “Amburan Beach Club”-a bir günlük səyahət. “See Breeze Resort” ənənəvi Nardaran kəndində Xəzər sahilində mənzərəli ərazidə  yerləşərək yoqa, su fitnes dərsləri və krosfit imkanları tanıyan sağlamlıq klubu və fitnes mərkəzinə, sahil boyu uzanan çimərliyə malikdir.
 
Azərbaycanın ən yaxşı çimərliklərindən hesab olunan Bilgəh sahilində yerləşən “Amburan Beach Club” ziyarətçiləri çimərliyi, hovuzları, əyləncə və ailəvi istirahət məkanları, günəşlənmək üçün ləvazimatları, dadlı Azərbaycan yeməkləri və çayının, müxtəlif içkilərin təklif olunduğu hovuzətrafı ərazisində və terrasında istirahət etməyə dəvət edir.  
 
Üçüncü gün
Bilgəhdən Lənkərana gedərkən Şirvan Milli Parkını ziyarət edin.  Milli parkı gəzin və ceyranları, çəhrayı qutanları, flaminqoları və çöl bataqlıqlarındakı su quşlarını seyr edin. Qonaqpərvər meşəbəyilərlə söhbət isə unikal bir təcrübədir! Park ərazisində nahar edə və çay içə bilərsiniz.
 
Lənkərana gəlin. Milli parklarla əhatə olunan Lənkəran öz çayı, qədim dövrlərdən bəri istifadə olunan bol mineral bulaqları və 2007-ci ildə Hirkan Milli Parkında görünənə qədər uzun müddət varlığı sual altında olan və nəsli kəsilməkdə olan Qafqaz bəbiri ilə məşhurdur.
 
İran sərhədi yaxınlığında yerləşən Lənkəran şəhərində çay plantasiyaları, sitrus bitkiləri və tərəvəz təsərrüfatları, köhnə kərpic tikililəri, sərin çayları və meşələri sıra ilə düzülüb. Xəzər dənizi boyunca çimərliklərin qara qumu isə müalicəvi xüsusiyyətlərə malikdir.
 
Lənkəranda yerləşən “Springs Wellness Resort” hotelində subtropik dağ-meşə landşaftının mərkəzində gecələyin.
Hamam və SPA xidmətləri, əyləncə kompleksi, yoqa və dağ gəzinti yolları da daxil olmaqla geniş şəraiti olan hotel yeni və müasirliyi ilə diqqət çəkir.
 
Dördüncü gün
Hirkan Milli Parkına baş çəkin. Park ətrafında gəzin. Yaxınlıqdakı meşədə nahar edin və çay için. Axşam isə “Springs Wellness Resort” hotelində qapalı və açıq hovuzlardan, buxar otaqlarından, sauna, hamam və qar otaqlarından, həmçinin tibbi xidmətlər və müalicə, masaj da daxil olmaqla geniş terapevtik seçimlərdən həzz alın.
 
Beşinci gün
“Naftalan Garabag” kurortunu ziyarət edin.  İnsanlar əsrlər boyu eyni adlı unikal yerli xam neftin terapevtik hamamları üçün Naftalana axın ediblər. “CNN Travel”də bu barədə ətraflı danışılıb: “Naftalan: Qonaqların xam neftdə vanna qəbul etdiyi Azərbaycan kurortu”
Azərbaycandakı Alban irsi ilə tanış olmaq üçün yaxınlıqda yerləşən və dünyada ancaq burada məskunlaşan azsaylı Udin xalqının yaşadığı Nic kəndini kəşf edin.
 
Altıncı gün
Kurortda Spa – “Naftalan Garabag Resort”un “Entra” spa mərkəzində ancaq buraya məxsus Naftalan neft terapiyası, Xəzər duzları, dəniz yosunu, palçıq vulkanı və dərman bitkiləri ilə müalicə, həmçinin vanna terapiyası kimi əlverişli və əhatəli xidmətlər təklif edilir.
 
Bundan başqa, ziyarətçilər masaj və kosmetik prosedurlardan, sidr  çəlləklərindən  və duz otaqlarından istifadə edə bilər. Spa mərkəzinin fəaliyyəti profilaktik xidmətlərin göstərilməsinə  və davamlı xəstəliklərin müalicəsinə yönəlib.
 
Bakıya geri dönün  və “Baku Fairmont Hotel”inə gedin. Sayrışan LED fasadları ilə bənzərsiz Alov Qüllələrinə, Bakının təkrarolunmaz görüntüsünə tamaşa edin – müasir urban Azərbaycan qonaqpərvərliyinin təklif edə biləcəklərindən zövq alın! Qədim İçərişəhərdə ziyarətçilər üçün kiçik və ucuz butik hotellər də daxil olmaqla bir çox başqa təkliflər də var. 
 
Yeddinci gün
İçərişəhərdə ənənəvi səhər yeməyi yeyin. Sonra Qız qalası, Şirvanşahlar Sarayı, ABAD, “Çələbi” və “Kəlağayı” da daxil olmaqla antik və müasir suvenir mağazalarına baş çəkin  və  şəhəri  gəzintiyə çıxın.
 
“Yanardağ”a - Bakının daim yanan dağında təmir edilmiş yeni  kompleksə baş çəkin. Bu məşhur məkanda Atəşpərəstlik dininə ilham verən, heyranedici yanan mənzərəni nümayiş etdirən açıq havada yerləşən daş Kromlex sərgisi və gözəl bir muzey yerləşir.
 
Burada ziyarətçilər yaxınlıqdakı palçıq vulkanlarına, kükürd bulaqlarına və  mənzərəni seyr etmək üçün baxış məntəqəsinə səfər də sifariş edə bilər. Son bir neçə ildə turistlərin rahatlığı üçün infrastruktur sahəsinə böyük sərmayələr qoyulub. Bu gün gözəl kompleksdə hər cür şərait yaradılıb, kafe və suvenir mağazası istifadəyə verilib.
 
Ertəsi gün təyyarəyə minmədən öncə İçərişəhərdə çay için və qəlyanın dadına baxın.
 
Azərbaycanda həqiqətən kəşf ediləsi kifayət qədər çox yerlər var ki, burada siz özünüzə istirahət və gözəl məkanları ziyarətlə dolu bir həftə hədiyyə edə, romantik və Qafqaza xas duyğularla müasir rahatlıqdan zövq alaraq digər dövrlərin xəyalını qura bilərsiniz.