“REAL Vətən” Ağsunun turizm potensialını nümayiş etdi

10:59 25.06.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Ağsudan bəhs olunub.

Ağsu buraxılışında rayonun tarixi, müxtəlif fəsillərdə füsunkar təbiəti, gölləri, şəlalələri, tarixi və dini abidələri, pambıq tarlaları, üzümçülük və şərabçılıq ənənələri, milli mətbəxi, Niyaldağ silsiləsinin ətəyində yerləşən Dilman, Kalva, Suraxanı, Xatman, Hacıman kəndlərinin, "Uzaq sahillərdə" filminin çəkildiyi Kövlüc kəndinin turizm imkanları, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Ağsu buraxılışının videosunu təqdim edirik: