“REAL Vətən” Zaqatalanın turizm potensialına fokuslandı

10:36 05.09.2020
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Zaqatala rayonundan bəhs olunub.

Zaqatala buraxılışında rayonun tarixi, füsunkar təbiəti, mədəniyyəti, özünəməxsus mətbəxi, Car, Əliabad, Tala kimi kəndlərin unikal tarixi abidələri və turizm potensialı, nadir flora və faunaya sahib Zaqatala Dövlət Təbiət Qoruğunun ekoturizm potensialı, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Layihə çərçivəsində növbəti veriliş isə Qusar rayonuna həsr olunacaq.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Zaqatala buraxılışının videosunu təqdim edirik: