Region hotelləri ilə əlaqə genişləndirilir

12:37 25.02.2019

Azərbaycan Hotel Assosiasiyası ilə region hotelləri arasında əməkdaşlıq və davamlı əlaqənin təməlini qoymaq və gələcəkdəki fəaliyyətlərində region hotellərində xidmət keyfiyyətini artırmaq üçün ilkin planlaşdırmalar aparılır.

 

Bu prosesin gedişatı Azərbaycan Hotel Assosiasiyasının nümayəndələrinin regionlara silsilə səfərləri çərçivəsində müzakirə olunub.

 

AHA-nın nümayəndələri 20 fevralda Qubada Qusar, Quba, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən, 21 fevralda Qəbələdə Şamaxı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçay rayonlarını əhatə edən, 23 fevralda Gəncəyə səfər edərək Göygöl, Mingəçevir, Naftalan, Şəmkir, Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə, Qazax, Ağstafa ərazisindəki hotellərlə, 24 fevral tarixində isə Lənkərana səfər edərək Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul, İmişlidə yerləşən hotellərin nümayəndələri ilə görüşlər keçiriblər.

 

Görüşlərdə Assosiasiyanın əsas məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verilib, hotel nümayəndələrinin fikirləri dinlənilib, qarşılaşdıqları çətinliklər barəsində müzakirələr aparılıb.

 

Səfərlər çərçivəsində bölgələrin turizm imicini formalaşdırmağı və destinasiya brendini yaratmağı hədəfləyən Quba və Şəki üzrə Destinasiya Menecmenti Təşkilatlarının da təqdimatı keçirilib.

 

Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.