20-29 may tarixlərində Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı ilə Quba, Lənkəran, Gəncə və Şəki şəhərlərində insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə təlimi təşkil olunub.
Qonaqlama-yerləşdirmə müəssisələrininin iştirakı ilə keçirilən təlimdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Vamiq Naməndzadə və Mahir İsrafilov “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, o cümlədən digər normativ hüquqi sənədlərə, sərəncamlara və aktlara istinad edərək geniş məlumat verərək, real nümunələr üzərindən praktiki fikir mübadiləsi aparıblar.
Turizm sənayesi nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2, 4.7 və 4.8-ci hissələrində nəzərdə tutulan bir sıra tədbirlərin icraçılarından biri kimi Dövlət Turizm Agentliyi müəyyən edilib.
Milli Fəaliyyət Planında ölkə ərazisində fəaliyyət göstərən turizm şirkətləri və mehmanxana sənayesinin nümayəndələri üçün insan alverinin və məcburi əməyin qurbanı olan şəxslərin, o cümlədən miqrantların müəyyən edilməsi, onların müdafiəsi, bu növ işlərin araşdırılması və baxılması prosesinə dəstək verilməsi əksini tapıb.