Dövlət Turizm Agentliyi tərəfindən qurumun strukturuna daxil olan regional turizm idarələrinin əməkdaşları üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn təlim təşkil edilib.
Təlimdə Agentliyin Aparatının və regional turizm idarələrinin 48 nəfər əməkdaşı iştirak edib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən keçirilən təlimdə iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, eləcə də həmin qaydada yer alan prosedur və düsturlar ətraflı izah edilib, qiymətləndirilmə prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq təşkil olunub.