Turizm Könüllüləri Təşkilatının Şəki nümayəndəliyi təsis olunub

17:12 19.02.2020

Fevralın 19-da Turizm Könüllüləri Təşkilatının Şəki nümayəndəliyi təsis edilib.

Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında, Şəki Dövlət Regional Kollecində, Şəki Dövlət Texniki Kollecində, Zaqatala və Şəkidə fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzində  baş tutan Turizm Könüllüləri Təşkilatının təqdimatları zamanı məlumat verilib.

Təqdimatlarda Turizm Könüllüləri Təşkilatının fəaliyyət istiqamətləri, həyata keçiriləcək layihələr, sosial və ekoloji aksiyalar, könüllülər tərəfindən ictimai formada turistlərə yardımın təşkili, regionlarda turizm könüllülüyünün və bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmliliyi barədə məlumat verilib.

Tədbirdə Turizm Könüllüləri Təşkilatının direktoru Hüseyn Məmmədov və Şəki Destinasiya Menecment Təşkilatının direktoru Səbinə Yadullayeva tərəfindən könüllü fəaliyyətinə maraqlı olan tələbələrin sualları cavablandırılıb və üzvlük üçün müraciətlər qeydə alınıb.  

Qeyd edək ki, Turizm Könüllüləri Təşkilatının əsas məqsədi milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etmək, ölkədə turizm sahəsi üzrə peşəkar mütəxəsislərin yetişdirilməsi üzrə layihə və proqramlar həyata keçirmək, turizm könüllülərinin şəxsi inkişaf və liderlik qabiliyyətlərinin formalaşdırılması sahəsində işlər aparmaq təmin etməkdir.