“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib

23:31 25.01.2020

“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq olunub.

Bununla bağlı qərarı yanvarın 23-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov imzalayıb.

Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, o cümlədən istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin edir.

Sənəd turizm reyestri turizm ehtiyatları, o cümlədən turizm nümayiş obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, turizm sahəsində statistik məlumatları və onların monitorinqlərinin nəticələrini özündə birləşdirən elektron dövlət informasiya ehtiyatını özündə əks etdirir.

Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.

Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını Reyestrin operatoru olan Agentlik təmin edəcək. Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsiz olacaq.

https://cabmin.gov.az/az/document/4244/