Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra qoruqlarda tədbirlər keçiriləcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir sıra qoruqlarda tədbirlər keçiriləcək

12:58 31.05.2021

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda uşaqlar gününə həsr olunmuş tədbirlər təşkil olunacaq.

Qoruqda gün ərzində uşaqlar üçün interaktiv və əyləncəli oyunlar, Kromlex daş sərgisi və muzeylə tanışlıq, məktəblilərdən ibarət musiqi və rəqs qruplarının çıxışı nəzərdə tutulub.

Həmçinin bir sıra məktəblərin şagirdləri və müəllim heyəti üçün onlayn video-konfrans keçiriləcək.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Tarix-Diyarşünaslıq Muzeyində də azyaşlı ziyarətçilər üçün əyləncəli tədbirlər təşkil olunacaq. “Kiş” Tarix-Memarlıq Qoruğunda yerli sənətkarların, eləcə də uşaqların taxta üzərində oyma və tikmə işlərindən ibarət əl işləri nümayiş etdiriləcək.

Qeyd edək ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu və Şəki Tarix-Diyarşünaslıq Muzeyinə 18 yaşadək uşaqların girişi ödənişsizdir.