mountana

Xınalıqda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalı keçirilir

17:32 10.09.2019

Sentyabrın 6-da Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib.

Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid iştirak edib.

Xınalığı qarşıda böyük yeniliklər gözlədiyini bildirən Fuad Nağıyev vurğulayıb ki, bu məqsədlə Xınalığın yeni konservasiya və inkişaf konsepsiyası hazırlanır, sözügedən konsepsiya yaxın müddətdə ölkə rəhbəliyinə təqdim olunacaq.

Florian Zenqstşmid isə öz növbəsində qeyd edib ki, bu növ festivallar sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, regionda turizmin inkişafını da təşviq edir.

Sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını nümayiş etdirəcəklər və müxtəlif master-klasslar keçəcəklər.

Layihə ərzində ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka fəaliyyətdə olacaq.

Bundan əlavə, yoqa, meditasiya vorkşopları və açıq havada kino nümayişi təşkil olunacaq.

Qeyd edək ki, “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi “Dağların başı” layihəsinin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi edir.

Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etmək, buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsullarını yaratmaqdır.

Avqustun 16-dan başlayan layihə müddətində azərbaycanlı və xarici sənətkarlar Xınalıq kəndində məskunlaşıblar, mədəniyyət və incəsənət nümunələri ərsəyə gətiriblər.

Burada yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçirilib.

Gələcəkdə də qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu növ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.