Yaponiya və Azərbaycan arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

20:05 15.12.2022
Dekabrın 15-də Tokioda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Tetsuo Saito ilə görüş keçirilib.

Görüşdə Fuad Nağıyev Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında dekabrın 13-də imzalanan “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu”nun ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına və məlumat mübadiləsinin artmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Agentliyin sədri Azərbaycanda son illərdə turizmin inkişafına dövlət səviyyəsində verilən diqqətdən bəhs edərək, ölkəmizin geniş turizm potensialına malik olduğunu, işğaldan azad edilən ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, həmçinin Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğunu diqqətə çatdırıb. Fuad Nağıyev cənab Tetsuo Saitonu ölkəmizə dəvət edib.

Öz növbəsində Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri Tetsuo Saito Azərbaycanın İpək Yolunun üzərində yerləşən mühüm destinasiya kimi yaponiyalı turistlərin diqqətini cəlb edə biləcəyini, İpək Yolunun xalqlarımız arasında tarix və mədəniyyət baxımından birləşdirici körpü rolunu oynaya biləcəyini qeyd edib. O, turizm əlaqələrinin inkişafı üçün birbaşa aviareyslərin açılmasının və zəruri müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə iki ölkə arasında 30 il ərzində diplomatik əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, turizmin Azərbaycan-Yaponiya dostluq münasibətlərinin davamlı inkişafına müsbət təsir edəcəyini qeyd edib.

Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri çərçivəsində DTA sədri Fuad Nağıyevin Yaponiya Səyahət Agentlikləri Assosiasiyasının (JATA) prezidenti Tadaşi Şimura ilə görüşü baş tutub.

Görüşdə hər iki tərəfdən turizm agentliklərinin nümayəndələri arasında mümkün əməkdaşlıq haqqında müzakirələr aparılıb, yapon turistlər arasında Azərbaycanın turizm imkanları haqqında məlumatlılığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, Tokioda Azərbaycanın turizm nümayəndəliyinin yaradılmasının məqsədəuyğunluğu haqqında fikir mübadiləsi aparılıb.